“Dədə Qorqud” jurnalının 78-ci sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” toplusunun 78-ci sayı çapdan çıxıb. Jurnalın bu sayında maraqlı elmi məqalələr, yeni toplanmış folklor nümunələri yer alıb. Filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar 6 bölmədə öz əksini tapıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Müasir dövrdə media-folklor əlaqəsi baxımından neo-aşıq”, filologiya üzrə fəlsəfə doktoru Nizami Adişirinovun “Dədə Qorqud Kitabı”nda toy (dügün) adətləri (Qarabağın toy adətləri ilə müqayisəli)” və Mətanət Xəlilovanın “Kitabi-Dədə Qorqud”un müqəddiməsi dastanın poetik dünyasının fəlsəfi-estetik əsası kimi” məqalələri dərc olunub.
“Dədə Qorqud” toplusunun “Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Folklor və yazılı ədəbiyyat: spesifikliyi, tipoloji xüsusiyyətləri, struktur məsələləri”, filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Dilin folklor yaddaşı”, Nərmin Babayevanın “Günəş haqqında miflərin etioloji semantikası”, filologiya üzrə fəlsəfə doktorları Ruziyyə Quliyeva və Əlimuxtar Muxtarovun “Nizami Gəncəvinin “Xəmsə”sində xalq hikməti”, texnika üzrə fəlsəfə doktoru, dosent Xankişi Məmmədovun “Azərbaycan və türk atalar sözlərinin yeni paradiqmaları və struktur-semantik analizi”, Günay Oruczadənin “Azərbaycan və türk folklorunda xalq oyunları: yaranması, kökləri, genezisi, tarixi və təşəkkülü”, Gülxarə Əhmədovanın “Ağdamda məişət mərasimləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Əflatun Baxşəliyevin “Ümumtürk folkloru və Səməd Vurğun”, Şəbnəm İsmayılovanın “Azərbaycanın şimal bölgəsinin toy adətləri” məqalələri, jurnalın “Mirzə Ələkbər Sabir – 160” bölməsində isə filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlunun “M.Ə.Sabirin əsərlərində atalar sözləri və məsəllərdən bəhrələnmə” məqalələri yer alıb.
Toplunun “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” bölməsində filologiya elmləri doktoru, professor Rüstəm Kamal-Rəsulovun “Şuşada evimiz vardı... Ceyhun bəy Hacıbəylinin “Yuxu”larında iki arxetipik obraz haqqında” məqaləsi verilib.
“Dədə Qorqud” jurnalının “Azərbaycan folklorundan yeni nümunələr” bölməsində filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadənin Zəngilan rayonunun Sobu və Şamlı kənd sakinlərindən topladığı folklor örnəkləri dərc olunub.
“Türk xalqlarının folklorundan nümunələr” bölməsində isə filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Axısqalı 14 xalq aşığı” adlı yazısı verilib.
Toplunun “Tədbirlər” rubrikasında 17 oktyabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda keçirilmiş “Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” mövzusunda seminar barədə yazı və ADPU ETM-nin elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyevanın “Türk ellərinin ortaq dədəsi” başlıqlı yazısı oxucuların ixtiyarına verilib.