“Dədə Qorqud” jurnalının 75-ci sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” toplusunun 75-ci sayı çapdan çıxıb. Bu sayda da maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr və başqa yazılar yer alıb. Filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar 5 rubrikada toplanıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya elmləri doktoru Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”un mifoloji kodları, yaxud Bamsı Beyrəyin ölümünün, Alp Aruzun xəyanətinin və qardaş qırğınının səbəbi”, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Kitabi-Dədə Qorqud” ritualları: “Xanın yerindən durması” formulu”, filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun “Dədə Qorqud kitabı”nda xan məclisi” məqalələri yer alıb.
“Dədə Qorqud” toplusunun “Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində isə filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifovanın “Azad Nəbiyev: folklorşünaslığın nəzəri və janr problemlərinin tədqiqatçısı”, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlunun “Folklorda Cümhuriyyət hadisələri”, filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovanın “Müasir nəsr və folklor (Kamal Abdullanın “Sirlərin sərgüzəşti” əsəri əsasında)”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Sevil Adıgözəlovanın “Azərbaycan və Fransa nağıllarında sehrli meyvələrin linqvosemiotik təhlili”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın “Azərbaycan əfsanə və rəvayətlərində qaraçuxa obrazının epik-mifoloji xüsusiyyətləri”, Aydın Mustafayevin “Şamanizmdə ağac ayini və funksiyaları”, AMEA Folklor İnstitutunun dissertantı Lalə Maqsudovanın “Şirvan folklor mühitində toponomik əfsanələr”, AMEA-nın Şəki Regional Mərkəzinin dissertantı Leyla Nuriyevanın “Azərbaycan nağıllarında ailə münasibətləri (“Şəngülüm, Şüngülüm və Məngülüm” nağılı əsasında)”, AMEA Folklor İnstitutunun doktorantları Afaq Qasımovanın “Qaçaq dastanlarında erməni şovinizminin izləri” və Cahidə Yaqubovanın “Yeddi bulaq əfsanəsi” poemasında folklor” məqalələri dərc edilib.
Jurnalın “Azərbaycan folklorundan yeni nümunələr” bölməsində Saxur folklor örnəkləri və Südabə Həsənovanın Naxçıvan MR Şərur royununun Havuş kənd sakinlərindən topladığı folklor nümunələri ilə tanış olmaq mümkündür.
Ədəbi-elmi toplunun “Kərimova Sənubər – 85” bölməsində AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Mənalı ömrün səhifələri” başlıqlı məqaləsi oxucuların ixtiyarına verilib.
“Yeni nəşrlər” rubrikasında isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Sərvər Şirinovun “Nağıllarımıza yeni baxış” adlı məqaləsi yer alıb.